
Gəncə avtomobil zavodundə İB-də nümunəvi mülki müdafiə məşqi keçirildi.
Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi Gəncə avtomobil zavodu İstehsalat Birliyində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda nümunəvi obyekt mülki müdafiə məşqi keçirib. Müəssisənin mətbuat xidmətindən bildirilib ki, məşqdə FHN-in Gəncə Regional Mərkəzinin əməkdaşları, Gəncə avtomobil zavodu İstehsalat Birliyinin mülki müdafiə qərərgahının, fövqəladə hallar komissiyasının üzvləri və mülki müdafiə dəstələri iştirak ediblər.
Məşqin keçirilməsində əsas məqsəd müəssisənin mülki müdafiə planının reallığının, rəhbər və komandir-rəis heyətinin fövqəladə hadisələrlə bağlı hazırlıq səviyyəsinin yoxlanılması, müəssisə personalının fövqəladə hallarla mübarizə üzrə bilik və bacarıqlarının təkmilləşdirilməsi olub.
Məşq zamanı rəhbər heyət tərəfindən yaranmış şərti ekstremal vəziyyətlə əlaqədar idarəetmənin təşkili üzrə fəaliyyəti qiymətləndirilib, funksional vəzifələrlə bağlı məruzələr dinlənilib, “fövqəladə hadisə” ilə mübarizə tədbirləri reallaşdırılıb.
Uğurla keçən məşqdən sonra əldə olunan nəticələr müzakirə olunub, aidiyyəti üzrə tapşırıqlar verilib.














