Müəssisə 2004-cü ildə fəaliyyətini bərpa etdi
Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində 2004-cü ilin dekabrında Gəncə Avtomobil Zavodu fəaliyyətini bərpa etdi və müəsisiə işə salındı. Həmin vaxt ilk olaraq Rusiyanın Naberejnıye Çelnı şəhərində yerləşən azlitrajlı avtomobillərin istehsalı üzrə zavodla bağlanan müqaviləyə əsasən “VAZ-11113”-“OKA” markalı avtomobillərin yığımına başlandı. 2004-cü il dekabr ayının 24-də isə müəssisənin konveyerində yığılan ilk avtomobil hazır oldu və bu əlamətdar hadisə şəhər səviyyəsində təntənəli şəkildə qeyd edildi.
Həmin dövrdə zavodun ilk məhsulu Birinci Qarabağ müharibəsi, habelə Böyük Vətən müharibəsi iştirakçılarına – əlillərə və veteranlara təqdim olundu. Ölkənin müxtəlif bölgələrində yaşayan 120 nəfər bu kateqoriyadan olan şəxs Gəncə avtozavodunda yığılan «OKA» avtomobillərə sahib oldular. Ümumimilikdə isə müəssisədə 314 «OKA» avtomobili istehsal edildi.