
Gəncə Avtomobil Zavodu və Minsk Traktor Zavodunun rəhbərliyi 3-cü ölkələrə ixrac məsələsini müzakirə etdilər
Ölkə başçısı cənab İlham Əliyevin Azərbaycan–Belarus əlaqələrinin möhkəmləndirilməsi və daha da inkişaf etdirilməsi ilə bağlı tapşırığına əsasən, Minskə rəsmi səfəri zamanı Gəncə avtomobil zavodu İstehsalat Birliyi Müşahidə Şurasının sədri Xanlar Fətiyev və nümayəndə heyəti Minsk Traktor Zavodunda olub. Belaruslu həmkarlarla görüş çərçivəsində ikitərəfli əməkdaşlıq və gələcək planlar müzakirə olunub.
Görüşdə çıxış edən Xanlar Fətiyev Gəncə Avtomobil Zavodu və MTZ arasında ikitərəfli əməkdaşlığın 20 ilə yaxın yaşı olduğunu vurğulayıb:
“Hər şey Azərbaycan Prezidenti İlham Əliyevin 2006-cı ildə Belarusa rəsmi səfərindən sonra, iki liderin birgə istehsalın başlaması qərarından sonra başladı. Bu gün birgə məhsullarımız Azərbaycan traktor bazarının təxminən 80 %-ni təşkil edir və bu, avadanlıqlarımızın etibarlılığının və keyfiyyətinin ən yaxşı göstəricisidir. Məhsul çeşidimizi genişləndirməyə davam edirik. Hazırda Minsk Traktor Zavodu ilə birgə istehsal edəcəyimiz məhsulların üçüncü ölkələrin bazarlarına satışını genişləndirməyi planlaşdırırıq”, – deyə müşahidə şurasının sədri əlavə edib.
Görüş zamanı tərəflər arasında ticarət və iqtisadi əlaqələrin genişləndirilməsi, yeni birgə layihələr üçün möhkəm təməl qoyulması və dostluq tərəfdaşlığının daha da gücləndirilməsi üçün konkret addımlar müzakirə olundu.
Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Minsk Traktor Zavodunun flaqman avadanlıqları ilə tanışlıqla yanaşı, digər Belarus sənaye liderlərinin ən son inkişaflarının da nümayiş olunduğu MTZ sərgi sahələrini xüsusi maraqla ziyarət etdi.










