
Azərbaycan və Belarus Prezidentləri “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar
Mayın 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Bakı Ekspo Mərkəzində XVII Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı - “Caspian Agro” və XXIX Azərbaycan Beynəlxalq Qida Sənayesi - “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar.
Azərbaycan və Belarus prezidentləri Bakı Ekspo Mərkəzinin açıq sahəsindəki stendlərlə tanış oldular.
Məlumat verildi ki, “Gəncə avtomobil zavodu” İstehsalat Birliyi müxtəlif modifikasiyalı Belarus traktorları, MAZ və KamAZ markalı yük avtomobilləri, müxtəlif təyinatlı qoşqular, ekskavatorlar, xüsusi traktorlar, digər texnika və avadanlıqlar istehsal edir.
Belarus milli stendinin açıq sahədəki pavilyonunda iki şirkət - “Gomselmash” və Minsk avtomobil zavodu (MAZ) təmsil olunur. MAZ Şərqi Avropada sərnişin, xüsusi, kommunal və qoşqu avtomobillərinin istehsalı üzrə aparıcı müəssisədir. Ən böyük kənd təsərrüfatı texnikası istehsalçılarından olan “Gomselmash”ın kombaynları bir sıra ölkələrə ixrac olunur.