
Bu il Gəncə avtomobil zavodu 1000 traktor və 700 traktor qoşqusu istehsal edəcək
Bu gün kənd təssərrüfatı nazirinin müavini Seyfəddin Talıbov “Aqrolizinq” ASC-nin Gəncə rayonlararası təchizat bazasında olub. Səfərdə əsas məqsəd “Aqrolizinq” ASC-yə müqavilə əsasında təhvil verilən Gəncə avtomobil zavodu istehsalat birliyində istehsal olunan 80 X markalı traktorlara baxış idi. Traktorların texniki vəziyyətini nəzərdən keçirən nazir müavininə məlumat verilib ki, “Aqrolizinq” ASC tərəfindən təkminləşdirilmə üçün nəzərdə tutulan bütün dəyişikliklər Gəncə avtomobil zavodu istehsalat birliyi mütəxəssisləri tərəfindən aparılıb və pambıqçılıq təsərrüfatları üçün nəzərdə tututulan texnikalara qoruyucu şitlər və ağırlaşdırıcı yüklər quraşdırılıb. Azərbaycanın bütün bölgələrinin aqrotexniki vasitələr və traktorlarla təminatının yaxşılaşdırılmasının dövlət başçısı İlham Əliyevin daim diqqət mərkəzində olduğunu vurğulayan S.Talıbov gələcəkdə bu işlərin davam etdiriləcəyini qeyd edib:
“Bu gün demək olar ki, bütün bölgələrdə kənd təsərrüfatını inkişaf etdirmək üçün bütün texnikalar alınıb. Gəncə avtomobil zavodu ilə əməkdaşlığımız yenə də davam edir. Gələcəkdə bağçılığın və üzümçülüyün inkişafı istiqamətində aparılacaq işlər çərçivəsində mini traktorların və digər kiçik ölçülü kənd təsərrüfatı aqreqatlarının alınması nəzərdə tutulur. Bu gün bölgələrdə fermerlər Gəncədə istehsal olunan texnikaların keyfiyyətindən razılıq edirlər. Qarşıya çıxan hər bir xirda problem dərhal həll olunur”.