Preloader Close

Müəssisənin Tarixi

Gəncə avtomobil zavodu İB-nın qısa tarixi

Əsası ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1986-cı ildə qoyulan Gəncə avtomobil zavodu 2004-cü ilin dekabrında yenidən fəaliyyətini bərpa edir və  müəssisədə yığımdan keçən ilk avtomobil işıq üzü görür.

Fəaliyyəti dövründə müəssisə Minsk traktor və avtomobil zavodları ilə, Rusiyanın KAMAZ, URAL konsernləri ilə, Almaniyanın “Haller” şirkəti ilə, Finlandiyanın məşhur "Sampo" firması ilə, İtaliyanın SDF qrupu ilə sıx əməkdaşlıq əlaqələri qurub. 

Hazırda Gəncə avtomobil zavodu istehsalat birliyində sifarişə uyğun olaraq müxtəlif modeldə traktorlar - kənd təsərrüfatı texnikaları, ağır tonnajlı yük maşınları, müxtəlif modellərdə xüsusi təyinatlı texnikalar, avtobus və elektrobuslar yığılır. 

2004

Müəssisə 2004-cü ildə fəaliyyətini bərpa etdi

Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində 2004-cü ilin dekabrında Gəncə Avtomobil Zavodu fəaliyyətini bərpa etdi və müəsisiə işə salındı. Həmin vaxt ilk olaraq Rusiyanın Naberejnıye Çelnı şəhərində yerləşən azlitrajlı avtomobillərin istehsalı üzrə zavodla bağlanan müqaviləyə əsasən “VAZ-11113”-“OKA” markalı avtomobillərin yığımına başlandı. 2004-cü il dekabr ayının 24-də isə müəssisənin konveyerində yığılan ilk avtomobil hazır oldu və bu əlamətdar hadisə şəhər səviyyəsində təntənəli şəkildə qeyd edildi. Həmin dövrdə zavodun ilk məhsulu Birinci Qarabağ müharibəsi, habelə Böyük Vətən müharibəsi iştirakçılarına – əlillərə və veteranlara təqdim olundu. Ölkənin müxtəlif bölgələrində yaşayan 120 nəfər bu kateqoriyadan olan şəxs Gəncə avtozavodunda yığılan «OKA» avtomobillərə sahib oldular. Ümumimilikdə isə müəssisədə 314 «OKA» avtomobili istehsal edildi.
2005

Müəssisə 2005-ci ildə

İlk addımlarını müvəffəqiyyətlə atan Gəncə Avtomobil Zavodu 2005-ci ildə “UAZ” ASC ilə imzalanan razılaşmaya əsasən Rusiyanın “UAZ” avtomobillərinin 10 modelinin yığımına başladı. Bir il müddətində 243 ədəd “UAZ” avtomobili yığılaraq istifadəyə verildi. Bundan sonra Gəncə Avtomobil Zavodu ilə 2005-ci ilin oktyabr ayında Çinin “Çanqan” şirkəti arasında müqavilə imzaladı. Bu sənədə əsasən müəssisədə 7 modeldə ortatonnajlı yük maşınlarının yığımına başlanıldı. Bir il müddətində ümumilikdə 68 “Çanqan” markalı avtomobil yığılaraq istifadəyə verildi.
2007

Gəncə avtomobil zavodunun tarixində yeni era

2006-cı ildən müəssisənin həyatında yeni bir səhifə açıldı. Belə ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2006-cı ilin oktyabrında Belarusa səfəri zamanı bu ölkənin traktor və avtomobil zavodları ilə Gəncə avtomobil zavodu arasında əməkdaşlığın yaradılması barədə Belarusun dövlət başçısı ilə razılığa gəlindi və həmin müəssisələrlə uzunmüddətli əməkdaşlıq müqaviləsi bağlanıldı. 2007-ci ilin aprel ayından isə Gəncə Avtomobil Zavodunda MAZ avtomobillərinin yığımı təşkil olundu. İkitərəfli əməkdaşlıq çərçivəsində Gəncə Avtomobil Zavodunda “MAZ” avtomobillərinin və traktorların yığımı hazırda da davam etdirilir. Hazırda müəssisədə "Belarus" traktorlarının 10-a yaxın modeli müəssisədə yığılır. 2007-ci ilin sentyabr ayında Belarusun "Dorelektromaş" və "Smorqon aqreqat zavodu" ilə razılığa əsasən "Belarus" traktorları bazasında asma avadanlığın yığılmasına başlanılıb. Bu günədək 82 ədəd MUP, 34 - DEM ekskovator, 11 - asfaltkəsən-qartəmizləyən yığılaraq təhvil verilib.
2010

Yeni əməkdaşlıq

Müəssisə 2010-cu ilin yazında daha bir böyük layihəninin gerçəkləşdirilməsinə start verdi. Belə ki, martın 15-də Gəncə Avtomobil Zavodu Minsk Avtomobil Zavodu və tanınmış kommunal texnika istehsalçısı olan “Haller” şirkəti ilə 3 tərəfli müqavilə imzaladı. Sənədə əsasən Gəncədə “MAZ” avtomobillərinin bazasında kommunal texnikaların yığılmasına başlanıldı. Hazırda hər bir şəraitlə təmin olunmuş, müasir standartlara cavab verən yığım sexındə bu texnikaların istehsalı həyata keçirilir. Bu günədək orta hesabla 60-a yaxın ümumi tutumu 16 kub olan məişət tullantılarının yığılması üçün nəzərdə tutulan avtomobillər yığılaraq istifadəyə verilib. Kommunal texnikaların Azərbaycanla yanaşı Türkiyə və Gürcüstanda satışı planlaşdırılır.
2014

Yeni ikitərəfli müqavilələr

“Minsk təkərli dartıcılar” zavodu ilə ikitərəfli müqavilə imzalandı və həmin razılaşmaya əsasən 2014-cü ildən dartıcıların istehsalına başlanıldı. Bu ilin may ayında Belarusun “Bobruysk” ehtiyat hissələri və avadanlıqlar istehsalı zavodu ilə əməkdaşlıq müqaviləsi bağlanıldı və müəssisədə MTZ 422 və MTZ 622 markalı mini traktorların istehsalına başlanıldı.
2016

Avtobusların yığımına start

2016-cı ilin may ayından etibarən "Gəncə Avtomobil Zavodu" İstehsalat Birliyi (İB) ilk avtobusların yığılmasını həyata keçirməyə başlayıb.
2019

Müəssisədə iki yeni yığım xətti. SAMPO ilə əməkdaşlıq başladı

2019-cu il mayın 14-də Gəncə avtomobil zavodu İstehsalat Birliyində iki yeni yığım xəttinin açılış mərasimi təşkil olundu və Azərbaycanda ilk dəfə olaraq konveyerdən “PALESSE KZS-575” markalı taxılyığan kombayn və E-321 markalı elektrobus çıxdı. 2019-cu ilin iyul ayında Gəncə Avtomobil Zavodu" İstehsalat Birliyi Finlandiyanın məşhur "Sampo" firması ilə əməkdaşlıq memorandumu imzalayır və bu beynəlxalq standartlara malik kənd təsərrüfatı texnikalarının yığımına başlanılır
2021

“Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında “KamAZ” ASC ilə “Gəncə Avtomobil Zavodu” İB-in birgə müəssisəsi olan servis mərkəzinin təməli qoyulub

2021-ci ilin oktyabr ayında Azərbaycan Prezidenti Cənab İlham Əliyevin Cəbrayıl rayonuna səfəri zamanı “KAMaz” ASC ilə “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin birgə servis mərkəzinin təməlini qoydu və 2023-cü il iyunun 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanov Cəbrayıl rayonunda “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında “Avto Lizinq Azərbaycan” MMC-nin açılışında iştirak ediblər.
2023

Beynəlxalq əlaqələr və yeni müqavilələr

2023-cü ilin 9 iyununda Gəncə avtomobil zavodu İB-i İtaliyanın SDF qrupu ilə uzunmüddətli strateji əməkdaşlıq müqaviləsi imzaladı və müəssisədə DEUTZ-FAHR 4100 W, 6205 g və 115 G AGROFARM modellərinin yığımı başladı. İyunun 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və ölkəmizdə səfərdə olan Rusiya Federasiyasının Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanov Cəbrayıl rayonunda “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında “Avto Lizinq Azərbaycan” MMC-nin açılışında iştirak ediblər.
2025

Yeni layihələr və istehsal

İstehsal etdiyimiz tullantıları daşıyan avtomobillər təhlükəsizlik qaydalarına tam uyğunluğu təmin edir və ən əsası, əməliyyat və texniki xidmət fəaliyyətlərini optimallaşdırır. Gəncə Avtomobil Zavodu istehsal etdiyi texnikada müasir materiallardan, ekoloji cəhətdən təhlükəsiz hidroelektrik komponentlərdən istifadə edir, beynəlxalq təcrübəni tətbiq edir və davamlı həlləri istehsalata inteqrasiya edir.
Yuxarı gedin