» » Millət vəkili Xanlar Fətiyev: “Ümumxalq inam və etimadının təcəssümü”.
Millət vəkili Xanlar Fətiyev: “Ümumxalq inam və etimadının təcəssümü”.

Millət vəkili Xanlar Fətiyev: “Ümumxalq inam və etimadının təcəssümü”.2018-ci ilin ölkəmiz üçün ən mühüm siyasi hadisəsi olan prezident seçkilərindən bir il keçir. Demokratik şəraitdən bəhrələnən ölkə vətəndaşları ötən il aprelin 11-də sərbəst və azad şəkildə öz iradəsini ifadə edərək səsini ən layiqli namizədə - cənab İlham Əliyevə verdi. Azərbaycan xalqı bu seçkidə də yekdilliklə İlham Əliyevi dəstəkləməklə, özünə rəhbər seçməklə sabitliyinə və firavanlığına səs verdi.
Bu qələbənin kökündə Prezident İlham Əliyevin ötən on beş il ərzində gördüyü işlər, Azərbaycanda həyata keçirdiyi genişmiqyaslı layihələr, ölkəmizin iqtisadiyyatında, sosial həyatında və digər sahələrdə qazanılan əzəmətli uğurlar dayanırdı. Buna görə xalq özünün ən doğru seçimini edərək ötən illərin sosial-iqtisadi uğurlarına, həyata keçirilən səmərəli islahatlara, perspektiv nailiyyətlərə hesablanan siyasi kursun yenilməzliyinə və alternativinin olmadığına dərindən inandığını ortaya qoydu. Prezident seçkilərinin nəticəsi göstərdi ki, Azərbaycan xalqı Prezident İlham Əliyevin sabitliyə, sülhün və firavanlığın möhkəmləndirilməsinə, dövlətçiliyimizin qüdrətlənməsinə, ölkənin sosial-iqtisadi inkişafına xidmət edən siyasətini dəstəkləyir və çox böyük etimad göstərir. Azərbaycan seçicilərinin bu seçimi həm də ölkəmizin inkişafına yönəlmiş bir ümumxalq qərarı idi.
İlham Əliyev qısa müddətdə Azərbaycanı Cənubi Qafqaz regionunun ən sürətlə inkişaf edən, sabit və qüdrətli dövlətinə çevirməyə müvəffəq oldu. Dövlət başçısının rəhbərliyi ilə görülən işlərin miqyası, Azərbaycanın dinamik və hərtərəfli tərəqqisi naminə qəbul edilən və uğurla həyata keçirilən qlobal dövlət proqramları, onların real nəticələri, ölkəmizin dünya birliyində öz mövqelərini daha da möhkəmləndirməsi bu həqiqətləri təsdiq edir. Son 15 il ərzində Azərbaycanın dünyada sürətli inkişafı, enerji sahəsi ilə yanaşı, qeyri-neft sektorunun önəmli şəkildə tərəqqisi, milli sahibkarlığın formalaşması və inkişafı, hər bir vətəndaşın maddi rifah halının yüksəlməsi, Azərbaycanın milli mənafeyinə cavab verən müstəqil xarici siyasətin yürüdülməsi Prezident İlham Əliyevin bir lider kimi uğurlarının ayrı-ayrı tərəfləridir.
Namizəd olduğu bütün prezident seçkilərində xalqın böyük inam və etimadını qazanaraq yalnız ona güvəndiyindən güc alan, yüksək siyasi iradə, əzm və cəsarət sahibi olan İlham Əliyev 2003-cü ildən bəri mövcud resursları səmərəli şəkildə səfərbər edərək əvvəlki dövrlərdəki inkişaf konsepsiyasının daha da təkmilləşdirilməsinə nail oldu. Azərbaycan xalqı son prezident seçkilərində də İlham Əliyevin şəxsində məhz bu kursun davam etməsinə, daha böyük nailiyyətlərin qazanılmasına səs verdi.
Ötən il aprelin 18-də Milli Məclisdə keçirilən andiçmə mərasimində Prezident İlham Əliyev ölkəmizin qarşıdakı dövr üçün inkişafı ilə bağlı prioritetləri elan etdi. "Azərbaycan iqtisadiyyatı inkişaf edir. Biz dünyada baş vermiş böhranlar zamanı da bu böhranlardan ən az itkilərlə çıxa bilmişik. Artıq bu böhranlar arxada qalıb və iqtisadi sabitlik, maliyyə sabitliyi, əlbəttə ki, həm investisiya iqliminə müsbət şərait yaradır, həm də biznes mühitini daha da yaxşılaşdırır. Gələcək illərdə biznes mühitinin yaxşılaşdırılması istiqamətində əlavə addımlar atılacaq, iqtisadi islahatlar dərinləşəcək” - deyən cənab Prezident görüləcək işlərin Azərbaycanı daha da qüdrətli ölkəyə çevirəcəyini bəyan etdi.
Ötən bir ilin iqtisadi mənzərəsi göstərir ki, Azərbaycan dövləti qarşıya qoyulan hədəflərə doğru inamla irəliləyir. Cənab İlham Əliyevin bir neçə il əvvəl elan etdiyi yeni islahatlar kursu bu dövrdə daha böyük vüsət alıb və iqtisadiyyatın qeyri-neft sektorunu yeni inkişaf yoluna çıxarıb. Ötən il ümumi daxili məhsulun 1,4 faiz, qeyri-neft sektorunun 1,8, sənaye istehsalının 1,5, kənd təsərrüfatının isə 4,6 faiz artımı islahatların artıq bəhrə verdiyini göstərir. Bu ilin təkcə yanvar-fevral ayında ÜDM ötən ilin müvafiq dövrü ilə müqayisədə 3 faiz artıb. Əlbəttə, bu göstəricilər daha da yüksələcək və 2019-cu ilin yekunlarında daha möhtəşəm iqtisadi inkişafın şahidi olacağıq.
Əlamətdar haldır ki, aparıcı beynəlxalq təşkilatlar, nüfuzlu reytinq mərkəzləri Azərbaycan dövlətinin reallaşdırdığı bu islahatları yüksək qiymətləndiriblər. Dünya Bankının "Doing Business-2019” hesabatında biznes mühitinin əlverişliliyinə görə ölkəmiz əvvəlki illərlə müqayisədə 32 pillə irəliləyərək 190 ölkə arasında 25-ci yerə yüksəlib. Müstəqil Dövlətlər Birliyi ölkələri arasında isə Azərbaycan liderlik mövqeyinə yüksəlmişdir. Ölkəmizin kredit reytinqinə görə də mövqeyi xeyli möhkəmlənib. "Doing Business-2019” hesabatının əhatə etdiyi 10 indikatordan 8-i üzrə öz mövqelərini yaxşılaşdıran Azərbaycan dünyanın ən islahatçı 10 ölkəsi siyahısına daxil edilib. Digər beynəlxalq reytinq agentliklərinin hesabatlarına görə də Azərbaycanın mövqeləri əhəmiyyətli dərəcədə yaxşılaşıb.
Fəxr hissi ilə qeyd etməliyik ki, ölkədə qeyri-neft sektorunun inkişafında Gəncə Avtomobil Zavodunun da böyük rolu var. Öncə onu qeyd edim ki, Gəncə Avtomobil Zavodunun fəaliyyətə başlaması məhz Prezident İlham Əliyevin regionların və qeyri-neft sənayesinin inkişafı ilə bağlı uğurlu iqtisadi kursunun bariz nümunəsidir. Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində 2004-cü ilin dekabrında, regional inkişafla bağlı birinci dövlət proqramının təsdiq olunmasından sonra bu zavod işə salındı və müəssisədə yığımdan keçən ilk avtomobil buraxıldı. Ötən 15 ildə Belarusun, Rusiyanın və Çinin qabaqcıl müəssisələri ilə əməkdaşlıq çərçivəsində Gəncədə müxtəlif modellərdə "Belarus” traktorlarının, "UAZ” və "Oka” kimi minik avtomobillərinin, MAZ, KAMAZ və "Can Qan” markalı yük avtomobillərinin, o cümlədən, su və yanacaqdaşıyanlar, yüküözüboşaldanlar, avtokranlar, kommunal maşınlar, avtomobil qoşquları, ağırtonnajlı yük dartıcıları yığılıb.
Ötən bir il Gəncə Avtomobil Zavodunun fəaliyyəti baxımından da olduqca uğurlu və məhsuldar dövrdür. Öncə onu qeyd edim ki, ötən il prezident seçkilərindən bir neçə gün əvvəl zavodun istehsalı olan 10 mininci traktor konveyerdən çıxdı. Bununla əlaqədar keçirilən tədbirdə Belarus Respublikasının Baş nazirinin müavini Vladimir Semaşko, Azərbaycanın Baş nazirinin I müavini Yaqub Eyyubov, Minsk traktor və Minsk avtomobil zavodlarının baş direktorları iştirak ediblər. Qonaqlar zavodun fəaliyyətini yüksək qiymətləndirib, texniki və kadr potensialında perspektivlərdən söz açıblar.
Aprelin 3-də isə Prezident İlham Əliyev respublikamızda avtomobil sənayesinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətlərinə görə "Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin əməkdaşlarının bəzilərini "Tərəqqi” medalı ilə təltif etdi. Ölkə rəhbərinin bu diqqəti fəaliyyətimizə verilən ən yüksək qiymət olmaqla, zavod kollektivini daha böyük uğurların əldə edilməsinə ruhlandırdı.
2018-ci ili uğurla başa vurduq. Bu dövrdə müəssisədə mindən çox "Belarus” traktoru, 70-ə yaxın traktor qoşqusu, 60 KAMAZ avtomobili, 100 ədəd URAL avtomobili, 60-dan çox qoşqulu su çəni, HALLER markalı məişət tullantıları daşıyan avtomobillər istehsal olunub. Bütövlükdə il ərzində Gəncə Avtomobil Zavodu Azərbaycan bazarını müxtəlif modifikasiyalı traktor və avtomobil texnikası ilə təchiz etdi.
2019-cu ildə isə zavodun fəaliyyətində yeni keyfiyyət dəyişiklikləri baş verəcək. Bununla bağlı Belarus müəssisələri ilə artıq razılaşmalar var və Gəncədə elektrik avtobuslarının, kombaynların istehsalı üzərində işlər davam edir.
Prezident İlham Əliyevin regionların və qeyri-neft sektorunun inkişafı ilə bağlı strategiyasının nəticəsi olaraq ərsəyə gətirilən Gəncə Avtomobil Zavodu bundan sonra da öz fəaliyyəti ilə ölkəmizin inkişafına töhfə verəcək. Zavodun uğurlu fəaliyyətinin əsas səbəbi isə ölkə rəhbərinin yüksək diqqəti və qayğısıdır. Elə buna görə qarşıdakı dövrlərdə daha böyük uğurlara imza atacağıq.
Azərbaycan qəzeti