» » Belarus Prezidenti Aleksandr Lukaşenko Gəncə avtomobil zavodu barədə danışdı.
Belarus Prezidenti Aleksandr Lukaşenko Gəncə avtomobil zavodu barədə danışdı.

Belarus Prezidenti Aleksandr Lukaşenko Gəncə avtomobil zavodu barədə danışdı. Noyabrın 19-da təkbətək görüş başa çatandan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub.
Dövlət başçıları görüşdə çıxış etdilər.
Belarus Prezidenti Aleksandr Lukaşenko dedi:
-Hörmətli İlham Heydər oğlu.
Hörmətli dostlar.
Sizi Belarusun paytaxtında salamlamağa ürəkdən şadam. Bu il ölkələrimiz arasında diplomatik münasibətlər yaradılmasının 25 illiyi qeyd edildi. Biz bu əlamətdar tarixə yaxşı nəticələrlə gəlmişik. Əsrin dörddəbiri ərzində ikitərəfli dialoq strateji xarakter alıb. Dövlətlərarası etimadın yüksək səviyyədə olması təsadüfi deyil. Bunun əsasını Belarus və Azərbaycan xalqlarının qədim dostluq ənənələri təşkil edir. Bu, hətta ən mürəkkəb məsələləri də konstruktiv şəraitdə müzakirə etməyə imkan verir. Vurğulamalıyam ki, Belarus ticari-iqtisadi sahədə sistemli və uzunmüddətli əməkdaşlıq əzmindədir. Azərbaycan ilə əmtəə dövriyyəsinin müsbət dinamikasına baxmayaraq, onun həcmi optimal səviyyədən uzaqdır. Bu gün biz Prezidentlə bu barədə xeyli söhbət etdik. Biz əmtəə dövriyyəsinin artırılması üçün potensialın olduğunu görürük. İqtisadiyyatın inkişafına Prezidentlə bizim baxışlarımızın oxşar olması sayəsində geniş istehsal kooperasiyası üçün təməl yaradılıb. Belarusda maşınqayırmanın flaqmanları olan Minsk traktor zavodu, Minsk avtomobil zavodu, habelə Gəncə avtomobil zavodu bu işin layiqli nümunəsini nümayiş etdiriblər. Gəncədə artıq 10 mindən çox traktor və 3500 vahid avtotexnika yığılıb.
Bu gün biz əməkdaşlığın prinsipcə yeni mərhələsinə - üçüncü ölkələrin bazarlarının birgə mənimsənilməsinə başlamağa hazırıq. Vaxtilə biz bu barədə yalnız arzu edirdik. Minsk və Gəncə zavodlarının iştirakı ilə Türkiyə üçün traktorların buraxılışı layihəsi yüksək hazırlıq səviyyəsindədir. Gələcək məhz bu cür təşəbbüslərindir, onlara istiqamətlənmək lazımdır. Azərbaycana elektrobuslar, liftlər, taxılyığan kombaynlar və digər kənd təsərrüfatı texnikası göndərilməsi və onların orada yığılması kimi istiqamətlər üzrə perspektivlər var. Biz vaxtilə öz kombaynlarımızın istehsalı barədə qərar qəbul etməyə məcbur olduq və yanılmadıq. Biz bu texnikanın sizdə birgə istehsalını yaratmağa və hətta Azərbaycandan daha çox üçüncü ölkələr üçün işləməyə hazırıq. Ona görə ki, sizin qonşularınızın bu texnikaya ehtiyacı Azərbaycanın özünün ehtiyacından xeyli çoxdur. Odur ki, biz MAZ və MTZ prinsipləri üzrə bu texnikanın Azərbaycanda birgə istehsalı ilə məşğul olmağa hazırıq.