» » Gəncə Avtomobil Zavodunda sayca 10 mininci traktor konveyerdən çıxıb.
Gəncə Avtomobil Zavodunda sayca 10 mininci traktor konveyerdən çıxıb.

 Gəncə Avtomobil Zavodunda sayca 10 mininci traktor konveyerdən çıxıb. Gəncə Avtomobil Zavodunda sayca 10 mininci traktor konveyerdən çıxıb.
Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan Gəncə avtomobil zavodu İstehsalat Birliyi 2004-cü ilin dekabrında fəaliyyətə başlayıb. 2007-ci ilin mart ayına qədər müəssisədə OKA, UAZ, ÇAN QAN markalı avtomobillərın yığımı həyata keçirilib.
2006-cı ilin oktyabrında Prezident İlham Əliyevin Belarus Respublikasına səfəri zamanı ölkələr arasında bağlanmış ikitərəfli müqavilə çərçivəsində Gəncə avtomobil zavodu İB-i Minsk Traktor zavodu və Minsk avtomobil zavodları ilə əməkdaşlığa başlayıb. Müqaviləyə əsasən Gəncə avtomobil zavodunda yeni yığım xəttləri quraşdırılıb və 2007-ci ilin mart ayının 27-də ilk Belarus 80.1 model traktoru konveyerdən düşdü. Bu günə müəssisədə traktorların 10-a yaxın modeli yığılır.
2007-ci ildən Gəncə avtomobil zavodunda 3000-ə yaxın MAZ avtomobili istehsal olunub.
Müəssisənin Belarusla əlaqələri təkcə traktor və avtomobillərin yiğılması ilə yekunlaşmır. 2007-ci ilin sentyabr ayında Belarusun "Dorelektromaş" və "Smorqon aqreqat zavodu" ilə razılığa əsasən "Belarus" traktorları bazasında asma avadanlığın yığılmasına başlanılıb. 2009-cu ildə Belarusun “Moqilyovtransmaş” ASC-ilə müqavilə imzalanmış və 25 tonluq avtokranlar yığılıb. 2013-cü ildə “Minsk təkərli dartıcılar” zavodu ilə ikitərəfli müqavilə imzalanmış və həmin razılaşmaya əsasən 2014-cü ildən dartıcıların istehsalına başlanılıb.
Bu gün də Gəncə avtomobil zavodu Belarus müəssisələri ilə əməkdaşlığını davam etdirir. Müəssisədə MAZ avtomobillərinin və traktorların yığımı davam etdirilir. Bu gün sayca 10 000-ci traktor konveyerdən düşür.
Bu məqsədlə Gəncə avtomobil zavodunda qonaqların, müəssisə rəhbərliyinin və şəhər ictimaiyyətinin iştirakı ilə yığıncaq keçirilib. Tədbirdə Belarusun baş nazirinin müavini Vladimir Semaşko, Azərbaycanın baş nazirinin müavini Yaqub Eyyubov, Belarusun Azərbaycandakı səfiri Gennadi Axramoviç, Minsk Traktor Zavodunun baş direktoru Fyodor Domotenko, Minsk avtomobil zavodunun baş direktoru Dmitriy Kateriniç, Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev, Gəncə avtomobil zavodu İB-nin müşahidə şurasının sədri, millət vəkili Xanlar Fətiyev, Belarusun Gürcüstandakı səfiri Mixail Myatlikov və digər qonaqlar iştirak edib.
Əvvəlcə qonaqlar zavodun yığım xəttləri ilə tanış olub, müəssisənin istehsal etdiyi texnikalara baxış keçiriblər. Bir sıra texnikaların istehsal perspektivlərini müzakirə edən qonaqlar və zavod rəhbərliyi bəzi gələcək layihələr barədə danışıblar. Sonra tədbirin rəsmi hissəsi başlayıb.
Tədbiri giriş sözü ilə açan Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev açaraq qonaqları qədim Nizami yurdunda salamlamaqdan qürur duyduğunu bildirib. O bildirib ki, Azərbaycanın bütün şəhər və rayonları kimi Gəncə də günü gündən inkişaf edir. Gəncə avtomobil zavodu İB-nin fəaliyyətinin artan temlə irəlilədiyini vurğulayan E.Vəliyev müəssisənin əməkdaşlarına bundan sonra da uğurlar arzulayıb.
Sonra çıxış edən Belarusun baş nazirin müavini Vladimir Semaşko ölkələrimiz arasında əlaqələrin dinamikliyi və spesifik xüsusiyyətlərinin yüksək səviyyəsi ilə fərqləndiyini qeyd edib. Nazir müavini Gəncə avtomobil zavodu İB-i ilə Minsk traktor və avtomobil zavodları arasında əməkdaşlığın günügündən inkişaf etdiyini bildirib, bu istehsal sahələrinin üçüncü ölkələrə texnikaların ixrac edilməsi yönündə yeni layihələrin hazırladığını vurğulayıb.
" Gəncə avtomobil zavodunda yığılan 10 000 "Belarus" traktoru, təxminən 3 minə yaxın "MAZ" yük maşını əməkdaşlığın bu formasının doğru yolda olduğunu göstərən inandırıcı rəqəmlərdir. Bu il imzalanan ikitərəfli strateji əməkdaşlıq memarandumlari yaxın vaxtlarda müəssisələr arasında daha six iş birliyinin olacağından xəbər verir." deyə V.Semaşko əlavə edib.
Vladimir Semaşko bildirib ki, Gəncə avtomobil zavodu öz istehsal gücünə və qabiliyyətinə görə digər ölkələrdə olan istehsal sahələrinə nisbətən daha cox inkişaf edib. Gələcəkdə bu ikitərəfli əməkdaşlığın daha da böyüyəcəyinə inandığını bildirən V.Semaşko Gəncə avtomobil zavodunda 10 000 -ci traktorun konveyerdən düşməsinin onlar üçün də əlamətdar bir hadisə olduğu qeyd etdi və müəssisənin rəhbərliyini, bütün kollektivi bu münasibətlə təbrik etdi.
Azərbaycan respublikası baş nazirinin müavini Yaqub Eyyubov da çıxışında Gəncə avtomobil zavodunda 10 000-ci traktorun konveyerdən düşməsinə həsr edilən tədbirin ölkə iqtisadiyyatının inkişafının göstəricisi olduğunu bildirib. Bu əlaqələrin inkişafının əsas bünövrəsi kimi ölkə başçısı İlham Əliyevin 2006-cı ildə Belarusa işgüzar səfəri zamanı bağlanılan ikitərəfli müqavilənin dayandığını bildirən Y.Eyyubov Azərbaycan iqtisadiyyatının böyük dinamikasını vurgulayıb. Baş nazirin müavini Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində yeni sənaye müəssisələri yaradıldığını, yeni iş yerlərinin açıldığını qeyd edib.
Sonda cıxış edən Gəncə avtomobil zavodu İB-nin müşahidə şurasının sədri, millət vəkili Xanlar Fətiyev gərgin iş qrafiklərinin olmasına baxmayaraq müəssisənin 10000-ci traktorun konveyerdən düşməsinə həsr olunan tədbirə qatıldıqlarına görə bütün qonaqlara öz minnətdarlığını bildirib. X.Fətiyev işə başladıqları ilk gündən dövlət başçısı İlham Əliyevin daim diqqət və qayğılarını öz üzərlərində hiss etdiklərini qeyd edib. Millət vəkili bildirib ki, belaruslu həmkarları ilə bundan sonra da ikitərəfli əməkdaşlıq davam etdiriləcək və gələcəkdə yeni layihələr həyata keçiriləcək. Bağlanmış müqavilələrin Gəncədə istehsal edilən texnikaların üçüncü ölkələrə ixracına böyük imkanlar yaratdığını bildirən X.Fətiyev kollektiv adından bundan sonra var güclərilə çalışacaqlarına söz verib.
Çıxışlardan sonra sayca 10000-ci traktor konveyerdən düşüb. Sonda qonaqlar və zavodun kollektivi xatirə şəkilləri çəkdiriblər.